Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək üçün bü günkü gündə ən müasir avadanlıqlar və texnologiyalara müraciət edilmişdir.
Dünya miqyasında zəngin təcrübəyə malik olan mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılmışdır.
Mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənmişdir.
Geniş elmi-tədqiqat, geoloji kəşfiyyat və zəruri topoqrafiya işləri aparımış, xammal ehtiyyatları hesablanmış, layihənin texniki konsepsiyası, eləcə də maliyyə-iqtisadi planı hazırlanmışdır.
Zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edəcəkdir. Zavodda “CEM I 42.5 R, CEM II/A (L) 42.5 N və CEM II/B (L) 32,5 N” markalı portland sement istehsal olunacaqdır.
Bundan əlavə neft sənayesi üçün Azərbaycanda indiyədək istehsal olunmayan və xaricdən idxal olunan API standartlarına uyğun quyu-tamponaj sementi istehsal ediləcəkdir.
Zavodun əsas texnoloji avadanlıqları Almaniya, Fransa, Hollandiya və Avropanın digər ölkələrinin ən qabaqcıl şirkətləri tərəfindən təchiz edilir.
İstehsal xəttində HAZEMAG (Almaniya) şirkətinin istehsalı olan qırıcı qurğu, şaquli xammal dəyirmanı Gebr. Pfeiffer SE (Almaniya), odluq Pillard (Fransa), soyuducu Claudius Peters Ltd (Almaniya) quraşdırılacaqdır.
Orta gərginlikli elektrik mühərrikləri və avtomatları Siemens, qablaşdırma qurğusu Haver & Boecker (Almaniya), rentgenoqrafik analiz qurğusu Phillips (Hollandiya) şirkətləri tərəfindən təchiz edilir.
Bu müasir avadanlıq və texnologiyalar zavodun yüksək məhsuldarlığını və rəvan istismarını təmin etməklə yanaşı Avropanın ən sərt ekoloji standartlarına cavab verəcəkdir.
Zavodun bütün xətlərində nəzərdə tutulan səs boğucuları, toz filtrləri və digər ətraf mühiti mühafizə avadanlıqları zavodun ən sərt ekoloji standartlara uyğun istismarını təmin edəcəkdir. Zavodda “quru üsul” texnologiyasından istifadə ediləcəkdir.
Sement istehsalında bu müasir texnologiyanın üstünlüyü ondan ibarətdir ki, məhsulun yüksək keyfiyyəti təmin edilir, nəm üsul ilə müqayisədə xammalın üyüdülməsində suya ehtiyac yoxdur və demək olar ki, iki dəfəyə yaxın az yanacaq istifadə edilir.
Bundan əlavə bu üsul sobadan çıxan qazların və tozun həcminin kəskin azalmasını təmin edir ki, bu da öz növbəsində sobanın məhsuldarlığını artırır.
Xammalın üyüdülməsi üçün zavodda qurutma və üyütmə məhsuldarlığı yüksək olan, enerjiyə maksimum qənaət edən şaquli vallı dəyirman quraşdırılacaqdır. Dəyirmanda enerjiyə qənaət edən yeni nəsil separator quraşdırılacaqdır.
Zavodun bütün istehsal xətti boyu müasir səsboğuculardan və toztutanlardan istifadə ediləcəkdir.
Zavodda ölkədə ilk dəfə olaraq “baypas” sistemi quraşdırılacaqdır ki, bu da sabit və yüksək keyfiyyətli sement istehsalına zəmanət verəcəkdir.
İstehsal xətti boyu müasir toz filtrləri quraşdırılacaq və havanın keyfiyyəti ən sərt standartlara uyğun olaraq bütün toz mənbələrində quraşdırılmış xüsusi optik ölçmə cihazları vasitəsilə mütəmadi nəzarətdə saxlanacaqdır.
Sobadan və xammal dəyirmanından atmosferə atılan qazların miqdarının daimi monitorinqi həyata keçiriləcəkdir.
Əsas istehsal nöqtələrində quraşdırılacaq kameralar vasitəsilə bütün prosesə mərkəzdən nəzarət olunacaqdır.
İstehsal xətti boyu səsboğucuların tətbiqi və işıqlandırıcı cihazların örtüklə təmin edilməsi səs və işıq kimi təsirlərin qarşısının alınmasını və ya müvəqqəti və lokal xarakter kəsb etməsini təmin edəcəkdir.
Texnoloji avadanlıqların soyudulması üçün istifadə edilən texniki su zavodda quraşdırılmış sutəmizləyici qurğularda təmizlənərək təkrar istifadə olunacaqdır ki, bu da suya qənaəti təmin edəcəkdir.
Çirkab sular zavod ərazisində quraşdırılacaq su təmizləyici qurğularda təmizlənərək təkrar istifadə ediləcək.
İlkin sementin istehsalına 2013-cü ilin iyul ayında start veriləcəkdir. Həmin ilin sonuna doğru zavod tam istismara veriləcəkdir.