Beynəlxalq Əməkdaşlıq
Norm şirkəti sement və beton istehsalı sahələrində yüksək beynəlxalq nüfuza sahib olan şirkət və təşkilatlarla əməkdaşlıq edir. Yaxın illərdə sement istehsalına başlayan şirkətin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şirkətin məhsulların keyfiyyətinə və etibarlılığına verdiyi dəyəri nümayiş etdirir. Norm ASC rəhbərliyi bu yanaşmanın böyük faydalar gətirəcəyinə və şirkətin sürətli böyüməsinə və inkişafına təkan verəcəyinə qətiyyətlə inanır.
Qeyd etmək lazımdır ki, Norm Sement zavodunun istehsal xəttində məşhur Almaniya, Fransa, İsveçrə, Hollandiya və s. şirkətlərinin istehsalı olan müxtəlif avadanlıqlar quraşdırılmışdır. İstehsal xəttində yeni texnologiyanın və yeniliklərin tətbiqinə üstünlük verilməsi istismarın səmərəliliyinə və Avropanın ən sərt ekoloji standartlarına uyğunluğuna şərait yaradır. Norm ASC-nin Avropa şirkətləri ilə sıx texnoloji və elmi-texniki əməkdaşlığı sayəsində Azərbaycanın inşaat sənayesinin keyfiyyətli sementlə təmin olunmasına zəmanət verilir.
Avropa Sement Tədqiqatları Akademiyası (ECRA) dünyanın nüfuzlu təşkilatlarından biridir. 2003-cü ildə qurulan Akademiya, sement və beton texnologiyaları sahəsində yüksək səriştəyə malik nüfuzlu tədqiqat qurumudur. ECRA, Avropa sement sənayesinin sement istehsalı və betonda tətbiqi çərçivəsində tədqiqat fəaliyyətlərini dəstəklədiyi, təşkil etdiyi və həyata keçirdiyi bir platforma olaraq yaradılıb. Qurumun məqsədi sement sənayesinə yeniliklərin tətbiqini asanlaşdırmaq və sürətləndirməkdir. Norm ASC akademiyanın üzvü olmaqla yerli sement sənayesinə son beynəlxalq nailiyyətlərin tətbiqini gətirməyə və ölkəmizi nüfuzlu Avropa qurumlarında təmsil etməyə çalışır.
"Norm" ASC-nin əməkdaşlıq etdiyi digər bir beynəlxalq təşkilat VDZ - Alman Tədqiqat İnstitutudur. Təşkilat 1877-ci ildə qurulmuş, sement istehsalı və tətbiqi sahələrində elmi araşdırmalar apararaq qlobal sement sənayesinin inkişafında mühüm rol oynamaqdadır. VDZ ilə Norm arasında əldə olunmuş razılığa əsasən, VDZ-nin yüksək ixtisaslı mütəxəssisləri Norm Sement zavodunu ziyarət edir və istehsal prosesinin texniki təftişini həyata keçirirlər.
Bunun nəticəsində, VDZ Norm Sement zavodunun istehsalı olan KLASS A (CEM II/A-L 32,5R ), KLASS B (CEM II / B-L 32,5R) və KLASS C500 (CEM II / A-P 42,5 R) və KLASS S (CEM II / A-P 42.5 N) mineral qatqılı sulfatadavamlı Portland sementi), KLASS 1 (CEM I 52,5 N) və KLASS L500 (CEM II/A-L 42.5 R) məhsullarını DIN EN 197-1: 2011 standartlarına uyğunluq sertifikatları ilə təltif etmişdir.
Dünyanın ən aparıcı sertifikatlaşdırma orqanından olan DNV GL Group 100-dən artıq ölkədə iqtisadiyyatın ən müxtəlif sahələri üzrə fəaliyyət göstərir. Bu qurum tərəfindən Norm şirkətində də son altı ayda araşdırmalar, yoxlamalar aparılmış və qiymətləndirmənin nəticəsi olaraq şirkətə ISO sertifikatları təqdim edilmişdir.
Norm Sement-ə keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim edilmişdir. Bu standartlar müəssisədə keyfiyyətin idarə olunması sisteminin səmərəliliyinin, şirkətin etibarlılığının, daim inkişafda olduğunun və sosial məsuliyyətliliyinin göstəricisidir. Standartlar şirkətimizdə keyfiyyətin beynəlxalq səviyyədə idarə olunduğunu, əməyin və ətraf mühitin mühafizəsinə son dərəcə ciddi münasibətini və şirkətin mötəbərliyini təsdiq edir.
Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy-nin birgə təşkilatçılığı ilə 20 iyun, Four Seasons otelində “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans baş tutdu.
Tədbir paralel şəkildə davam edən rəsmi hissədən və xarici qonaqların stendlərinin nümayiş olunduğu sərgidən ibarət idi. Rəsmi hissədə Almaniyanın “Progress Group”, “Rekers”, “Kraft Curing Systems”, Polşanın “Arcen”, BƏƏ-nin “Ha-Be Betonchemie”, Danimarkanın “Hawkeye Pedershaab”, İspaniyanın “fib” şirkətlərinin nümayəndələri beton istehsalında qabaqcıl texnologiyalar, müasir həll metodları, müasir panel evlərin inşasının stimullaşdırılması və ən son tikinti tendensiyaları mövzusunda çıxışlar etdilər.
Tədbir iştirakçıları müasir beton və inşaat tendensiyaları barədə son yeniliklərə yiyələnməklə yanaşı Beynəlxalq beton istehsalçılarının ticarət jurnalı – CPI jurnalına 1 illik abunəlik əldə etdilər.
“Norm” ASC-nin tanınmış “Beumer” şirkəti ilə əməkdaşlığı nəticəsində zavodda texnoloji avadanlıqlar Avropadan onlayn rejimdə istismara verilib.
Norm Sement zavodunda paketləmə qurğuları Avropanın ən nüfuzlu şirkətlərindən olan Beumer istehsalıdır. Rəqəmsallaşdırma və zavod texniki heyyətinin peşəkarlığı sayəsində zavodda yeni quraşdırılan paketləmə xətti 4000 km məsafədən istismara verilib. Bu metod Beumer-in fəaliyyət tarixində ilk dəfə Norm Sement zavodunda tətbiq edilib.
Uzaqdan idarəetmə zamanı tətbiq edilən Smart məlumat gözlükləri vasitəsilə kilometrlərlə uzaqda çalışan Beumer komandası və zavod ərazisində fəaliyyət göstərən Norm mütəxəssisləri eyni görüntünü izləyə və prosesin davamında görüləcək tədbirləri müəyyənləşdirə biliblər. Beləliklə, ən müasir texnologiyanın tətbiqi və yüksək ixtisaslı komandaların birgə işi sayəsində paketləmə xəttinin tam şəkildə istismara verilməsinə nail olunub.
Norm Sement Cənubi Qafqaz regionunda API (American Petroleum Institute) sertifikatını əldə edən ilk sement zavodudur.
API sertifikatı qüvvədə olan standartın tələblərinə uyğun mütəmadi sement istehsalı və sınaq proseslərini özündə ehtiva edən lisenziyadır. Bu lisenziyaya sahib olan müəssisədə API Q1 standartlarına cavab verən keyfiyyət idarəetmə sistemi tətbiq edilməli və istehsal olunan məhsullar API Spec 10A Monoqram tələblərinə cavab verməlidir.
API sertifikatı xüsusi olaraq neft və qaz sənayesinin keyfiyyət tələblərinə uyğunluq üzrə təyin edilir. Norm Sement istehsal etdiyi KLASS G (G Class, API 10A) məhsulu üzrə Amerika Neft İnstitutu tərəfindən Q1 və 10A sertifikatlarına layiq görülməklə, Cənubi Qafqazda quyu-tamponaj sementini ilk istehsal edən müəssisəyə çevrilib.