“Norm” ASC “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı razılaşma imzalayıb
03.06.2025
Energetika Nazirliyinin Cəbrayıl rayonunda 50 MVt
gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsinə dair İnvestisiya Sazişi çərçivəsində
Enerso Cəbrayıl şirkəti tərəfindən bir sıra razılaşmalar imzalanıb. Bakı Enerji
Həftəsində, 2 iyun tarixində əldə olunan razılaşmalardan biri - Balanslaşdırma
Müqaviləsi “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Norm”
ASC-nin Maliyyə və Strategiya üzrə Baş icraçı direktor müavini Elvin Mirzəyev və
Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanıb. Belə
ki, “Norm” ASC günəş enerjinin alıcısı qismində çıxış edəcək və bu da şirkətin
dekarbonizasiya hədəfləri çərçivəsində yaşıl enerjiyə keçidini sürətləndirəcək.
“Bu razılaşmaya qoşulmaq, Norm olaraq, COP29-da
ictimaiyyətə elan olunan 2050-cı il xalis sıfır karbon emissiyası hədəflərinin
reallaşdırılmasına doğru tərəfimizdən atılan mühüm addımdır. Belə ki, Azərbaycan
Sement İstehsalçıları Assosiyasiyasının üzvü kimi, 2050-ci il Xalis Sıfır Yol Xəritəsinə
uyğun olaraq, atacağımız addımlardan biri alternativ yanacaqdan istifadə ilə sənayenin
dekarbonizasiyasına töhfə verməkdir” deyə, Elvin Mirzəyev qeyd edib.
50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasında hər
il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrik enerjisinin
istehsal ediləcəyi gözlənilir.